Sinə, qol və çənə nahiyəsində yaranan ağrılar nə zaman ürək xəstəliyindən xəbər verir? Hansı ağrılar ürəklə əlaqəli olmaya bilər və hansı hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır?
Cənub Media bu suallarla bağlı tanınmış ürək həkimi Spartak Vəliyevin fikirlərini öyrənib.
Həkimin sözlərinə görə, xəstənin ağrını necə təsvir etməsi və ağrının harada yerləşməsi həkim üçün mühüm məlumatdır.
Spartak Vəliyev bildirib ki, xəstə ağrının yerini bir barmaqla dəqiq göstərirsə, xüsusilə ağrı iynəbatırma, sancma və ya kəsici ağrı formasındadırsa, bu, klassik ürək ağrısına daha az uyğun gəlir. Nəfəs aldıqda artan, bıçaqla deşilmə kimi təsvir edilən ağrılar da müxtəlif digər səbəblərlə bağlı ola bilər.
Bunun əksinə, döş sümüyünün arxasında və sinənin ortasında yayılan sıxılma, ağırlıq, göynəmə və yanma hissi ürək-damar xəstəliyi baxımından daha ciddi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, sinədə yaranan göynəmə və sıxılmanın sağ və ya sol qola, hər iki qola, boyuna və alt çənəyə yayılması, həmçinin epigastral – mədə nahiyəsində göynəmə şəklində özünü göstərməsi ürək-damar problemi ehtimalını nəzərə almağı tələb edir.
Sol qola və ya çənəyə yayılan ağrının müxtəlif səbəbləri ola bilər. Lakin bu ağrı sinədə sıxılma, göynəmə və ya təzyiq, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, başgicəllənmə və halsızlıqla birlikdə yaranırsa, ürək-damar xəstəliyi ehtimalı ciddi qəbul edilməlidir.
Üstəlik, ürəkdən qaynaqlanan ağrının mütləq yalnız sol qola yayılması fikri də doğru deyil. Ağrı sağ qola, sol qola və ya hər iki qola, eləcə də boyun və çənəyə yayıla bilər.
“Mədəmdə göynəmə var” deyən xəstədə də ürək yoxlanılmalıdır
Spartak Vəliyev xüsusilə diabeti olan, siqaret çəkən, yüksək təzyiqi və digər ürək-damar risk faktorları olan şəxslərdə mədə nahiyəsində yaranan göynəməyə də diqqətlə yanaşmağın vacibliyini bildirib.
Həkim belə hallarda narahatlığın yalnız mədə xəstəliyi kimi qiymətləndirilməsinin yanlış ola biləcəyini deyib.
O, buna nümunə olaraq yalnız alt çənəsində göynəmə olan bir pasiyenti xatırladıb. Həmin şəxsin elektrokardioqramı və digər müayinələri normal olsa da, uzun illər şəkərli diabetdən əziyyət çəkməsi və siqaret çəkməsi həkimdə əlavə şübhə yaradıb.
Pasiyentə koronar angioqrafiya tövsiyə edildiyini bildirən Spartak Vəliyev nəticədə onun ürək damarlarında ciddi problem aşkarlandığını və açıq ürək əməliyyatına ehtiyac yarandığını qeyd edib.
Həkim başqa bir pasiyentdə isə qol ağrısının ilk baxışdan sinir mənşəli göründüyünü bildirib. Lakin xəstənin ailəsində bir neçə nəfərdə ürək-damar xəstəliyinin olması həkimin yanaşmasını dəyişib. Əlavə müayinə nəticəsində həmin şəxsin ürəyinə iki stent qoyulub.
Normal kardioqramma ürək problemini həmişə istisna etmir
Həkim vurğulayıb ki, ürək-damar xəstəliklərinin qiymətləndirilməsində xəstənin şikayətlərinin və risk faktorlarının birlikdə nəzərə alınması vacibdir.
Onun sözlərinə görə, bəzi aterosklerotik plaklar, xüsusilə yumşaq plaklar müəyyən standart müayinələrdə aşkar olunmaya bilər. Buna görə risk faktorları yüksək olan şəxslərdə həkim əlavə müayinələrə ehtiyac görə bilər.
Spartak Vəliyev bildirib ki, ailəsində erkən yaşlarda ürək-damar xəstəlikləri və ya ani ölüm halları olan, siqaret çəkən, arterial təzyiqi yüksək, xolesterin göstəriciləri pozulmuş, artıq çəkisi və şəkərli diabeti olan şəxslər daha ciddi nəzarətdə saxlanılmalıdır.
35-40 yaşdan sonra profilaktika ön plana çıxır
Həkim sağlamlığında heç bir problem hiss etməyən insanların da risk faktorlarından asılı olaraq profilaktik müayinələrdən keçməsinin vacibliyini vurğulayıb.
O, xüsusilə 35-40 yaşdan sonra LDL, trigliseridlər, apolipoprotein B, aclıq qlükozası, HbA1c və digər göstəricilərin həkim məsləhəti ilə mütəmadi yoxlanılmasını tövsiyə edib.
Bundan əlavə bəzi yaşlı insanlarda ürək problemi zamanı sinədə klassik ağrı, göynəmə və sıxılma hissi ümumiyyətlə olmaya bilər. Xüsusilə yaşlı və uzunmüddətli şəkərli diabetdən əziyyət çəkən şəxslərdə bu hal daha çox diqqət çəkir.
Çünki, şəkərli diabet zamanı illər ərzində yüksək qan şəkərinin sinirlərə zərər vurması mümkündür. Bu səbəbdən bəzi xəstələrdə ürəkdə qan təchizatının pozulması zamanı ağrı hissi zəif ola və ya ümumiyyətlə hiss edilməyə bilər. Belə hallar “səssiz işemiya” və ya “səssiz infarkt”la əlaqəli ola bilər. Bu xəstələr bəzən sinə ağrısından deyil, təngnəfəslikdən, boğulma hissindən, səbəbsiz halsızlıqdan və ya adi fiziki fəaliyyətdə əvvəlkindən daha tez yorulmaqdan şikayət edə bilərlər.
Sağlam həyat tərzi, siqaretdən uzaq durmaq, fiziki aktivlik, düzgün qidalanma, artıq çəkidən qorunmaq və stressin idarə olunmasının da ürək-damar xəstəliklərinin profilaktikasında mühüm rol oynadığı bildirilib.
Spartak Vəliyev hesab edir ki, ürək xəstəlikləri ilə bağlı əsas problem insanların çox vaxt ağrının yaranmasını gözləməsidir.
“Xəstədə qeyri-spesifik ağrı da ola bilər, tipik ağrı da. Heç bir ağrı olmadan da ciddi problem yarana bilər. Ona görə ən yaxşı yanaşma şikayət yaranmasını gözləmədən riskləri vaxtında qiymətləndirmək və müayinədən keçməkdir”, – deyə həkim vurğulayıb.
İlkin Adıyev, Cenub.media