Oturduğunuz və ya uzandığınız yerdən qəfil ayağa qalxanda bir neçə saniyəlik göz qaralması, başgicəllənmə və halsızlıq bir çox insanın yaşadığı haldır.
Bəs bunun səbəbi nədir?
Cənub Media xəbər verir ki, mütəxəssislər bu vəziyyətin səbəblərindən biri ortostatik hipotenziya – ayağa qalxdıqda arterial təzyiqin müvəqqəti aşağı düşməsidir.
İnsan ayağa qalxanda qan bir müddət aşağı ətraflarda toplanır. Orqanizm qan təzyiqini sabit saxlamaq üçün buna sürətlə uyğunlaşmalıdır. Bu uyğunlaşma kifayət qədər tez baş vermədikdə beyinə gedən qan axını qısa müddətə azala və göz qaralması yarana bilər.
Kimlərdə daha çox rast gəlinir?
Bu hal susuz qalma, uzun müddət hərəkətsiz qalma, isti hava, bəzi dərmanların istifadəsi və aşağı arterial təzyiq ilə əlaqəli ola bilər.
Bəzən isə təkrarlanan göz qaralması qanazlığı, ürək-damar problemləri və ya digər sağlamlıq vəziyyətlərinin əlaməti ola bilər.
Əgər göz qaralması tez-tez təkrarlanırsa, uzun çəkirsə, huş itirmə baş verirsə, sinə ağrısı, ürəkdöyünmə və ya nəfəs darlığı ilə müşayiət olunursa, həkimə müraciət etmək vacibdir.
Nə etmək olar?
Oturduğunuz və ya uzandığınız yerdən qəfil qalxmaq əvəzinə əvvəlcə bir neçə saniyə oturmaq, daha sonra yavaş-yavaş ayağa qalxmaq faydalı ola bilər. Kifayət qədər maye qəbul etmək də bəzi hallarda kömək edir.
Lakin göz qaralmasının səbəbi dəqiq bilinmirsə, xüsusilə problem davamlı xarakter daşıyırsa, səbəbi yalnız ev şəraitində müəyyənləşdirməyə çalışmaq düzgün deyil.
Bir neçə saniyəlik göz qaralması adi görünə bilər, amma tez-tez təkrarlanırsa, orqanizmin verdiyi siqnalı nəzərdən qaçırmamaq lazımdır.
İlkin Adıyev, Cənub Media