Lənkəranda gənclərin hüquqi biliklərinin artırılması məqsədilə “Hüququmuzun təməli” mövzusunda maarifləndirici görüş təşkil olunub.
Cənub Media xəbər verir ki, noyabrın 12-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi ilə Lənkəran Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə gənclər iştirak ediblər.
Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalar və qanunvericiliyin əsas prinsipləri barədə məlumat verib, mövzu ilə bağlı fikirlərini gənclərlə bölüşüb.
Görüş interaktiv müzakirə şəraitində davam edib. İştirakçıların sualları cavablandırılıb, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Lənkəran Gənclər Evinin könüllüsü Xədicə Məmmədova da mövzu ilə bağlı təqdimatını nümayiş etdirib.
Görüşün əsas məqsədi gənclərin Konstitusiya, hüquq və vəzifələri, eləcə də qanunun aliliyi prinsipi barədə məlumatlılığını artırmaq, onlarda hüquqi düşüncə və vətəndaşlıq məsuliyyətini formalaşdırmaq olub.
Cənub Media, Lənkəran