Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vilvan kəndinin sakinləri ilə görüşüb.
Cənub Media xəbər verir ki, sentyabrın 16-da keçirilən görüşdə ŞİH başçısı aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.
Görüşdə kənd sakinlərinin sosial və məişət məsələləri ilə bağlı müraciətləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Taleh Qaraşov çıxışında kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, məhsulların itkisiz saxlanılması və fermerlərin imkanlarının genişləndirilməsi baxımından müasir soyuducu anbarların yaradılması mühüm əhəmiyyət daşıyır. Hazırda Vilvan kəndində 2 soyuducu anbarın fəaliyyət göstərdiyi, daha bir anbarın tikintisinin davam etdiyi qeyd olunub.
İcra başçısı, həmçinin “Rəqəmsal icra hakimiyyəti” yol xəritəsinin tətbiqi barədə məlumat verərək sakinlərin müraciətlərini elektron formada ünvanlamasının mümkün olduğunu diqqətə çatdırıb.
Sonda sakinlər tərəfindən qaldırılan fərdi və ümumi xarakterli müraciətlər qeydiyyata alınıb. İcra hakimiyyətinin başçısı qaldırılan problemlərin operativ şəkildə araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə konkret tapşırıqlar verib
Vilvan kəndinin sakinləri Lənkəranda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin və sosial layihələrin digər bölgələr üçün nümunə olduğunu vurğulayıblar. Regionun inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda sakinlərə mygov və SİMA tətbiqlərindən istifadə qaydaları izah olunub.
İlkin Adıyev, Cənub Media
100