Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfərinin əhəmiyyətindən danışıb.
Cənub Media xəbər verir ki, deputat REAL TV-nin efirində çıxışı zamanı bildirib ki, bu səfər Azərbaycanın Asiya istiqamətli xarici siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Elman Nəsirovun sözlərinə görə, 2025-ci ildən etibarən Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Prezident İlham Əliyevin Vyetnama budəfəki səfəri isə iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Deputat qeyd edib ki, Azərbaycan ənənəvi olaraq neft və qaz ölkəsi kimi tanınsa da, son illərdə yaşıl enerji sahəsindəki potensialını da beynəlxalq miqyasda nümayiş etdirir. Onun diqqətə çatdırdığına görə, ölkəmizin Xəzər dənizində və quruda böyük bərpaolunan enerji imkanları mövcuddur. Bu potensial Vyetnamla əməkdaşlığın genişləndirilməsi üçün də əlverişli zəmin yaradır.
Elman Nəsirov iki ölkə arasında ticarət dövriyyəsinin hazırda 150 milyon dollar təşkil etdiyini, lakin bu göstəricinin mövcud imkanları tam əks etdirmədiyini vurğulayıb. O bildirib ki, Vyetnamın üzv olduğu ASEAN təşkilatının təxminən 700 milyon nəfərlik bazarı Azərbaycan üçün mühüm iqtisadi imkanlar aça bilər.
Deputatın fikrincə, əməkdaşlığın əsas istiqamətləri enerji, yaşıl enerji, nəqliyyat, logistika və tranzit sahələri ola bilər. O, Azərbaycanın Vyetnam vasitəsilə Cənub-Şərqi Asiya bazarlarına, Vyetnamın isə Orta Dəhliz vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənə biləcəyini diqqətə çatdırıb.
Elman Nəsirov Vyetnamın sürətlə inkişaf edən iqtisadiyyata və böyük turizm potensialına malik olduğunu da qeyd edib.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycanla Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfə verəcək.
Cənub Media, Bakı