Masallı şəhər mərasim evində 27 Sentyabr – Anım Gününə həsr olunmuş ehsan süfrəsi təşkil olunub.
Cənub Media xəbər verir ki, Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehsan süfrəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu bildirib. O, Vətən uğrunda canından keçən şəhidlərin qəhrəmanlığının heç vaxt unudulmayacağını və onların xatirəsinin daim ehtiramla yad ediləcəyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov da çıxış edərək şəhidlərin Azərbaycan xalqının tarixində əbədi iz qoyduğunu bildirib. O, şəhidlərin fədakarlığının gələcək nəsillər üçün örnək olduğunu qeyd edib.
Çıxışlarda şəhid ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən dövlət qayğısından da bəhs olunub, Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin daim uca tutulmasının vacibliyi vurğulanıb.
Əlihüseyn Şükürov, Cənub Media