Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Rəqəmsal Dahi: 9-cu səviyyə” adlı intellektual yarış keçiriləcək.
Cənub Media xəbər verir ki, yarış sentyabrın 30-da saat 15:00-da eyni vaxtda regionun altı şəhər və rayonunda təşkil olunacaq.
Belə ki, iştirakçılar Lənkəran şəhər 1 nömrəli tam orta məktəbdə, Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzində, Lerik şəhərində M.Bağışov adına 3 nömrəli tam orta məktəbdə, Masallının Ərkivan qəsəbəsində Z.Nəcəfov adına 2 saylı tam orta məktəbdə, Yardımlı Rayon Mərkəzi Kitabxanasında və Astara şəhərində Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində mübarizə aparacaqlar.
İntellektual yarışın keçirilməsində məqsəd şagirdlər arasında bilik və intellektual fəaliyyətə marağın artırılması, məntiqi və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaqdır.
Məlumata görə, rayon mərhələsinin qalibi olacaq komanda Lənkəran şəhərində təşkil olunacaq final mərhələsində iştirak etmək hüququ qazanacaq.