Cəlilabadda kənd təsərrüfatının inkişafı ilə bağlı qarşıda duran vəzifələr, fermerlərin problemləri və 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının icrası müzakirə olunub.
Cənub Media xəbər verir ki, əvvəlcə rayon ərazisində kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer təsərrüfatlarına və sahibkarlıq subyektlərinə baxış keçirilib.
Görüşdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Pərviz Yusifov və digər aidiyyəti qurumların rəhbər şəxsləri iştirak ediblər.
Daha sonra Cəlilabad Rayon İcra Hakimiyyətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan fermer və sahibkarlarla görüş keçirilib.
Toplantıda Dövlət Proqramı çərçivəsində rayonda görülən işlər, müəyyən edilmiş hədəflər və qarşıda duran məsələlər nəzərdən keçirilib.
Rafiq Cəlilov bildirib ki, Cəlilabadda kənd təsərrüfatının inkişafının sürətləndirilməsi, əkin sahələrindən səmərəli istifadə və məhsuldarlığın artırılması məqsədilə xüsusi Qərargah yaradılıb.
Onun sözlərinə görə, Qərargah fermer və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli, sahibkarlarla mütəmadi görüşlərin keçirilməsi və Dövlət Proqramından irəli gələn tədbirlərin əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir.
Prezident Administrasiyasının nümayəndəsi Dəyanət Abdullayev Dövlət Proqramının ölkənin aqrar potensialından daha səmərəli istifadə edilməsinə və kənd təsərrüfatının müasir tələblərə uyğun inkişafına yönəldiyini bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Pərviz Yusifov isə sahibkarlara dövlət dəstəyi mexanizmlərinin əhəmiyyətindən danışıb. Bildirilib ki, subsidiya, güzəştli kredit və digər dəstək imkanlarından səmərəli istifadə kənd təsərrüfatında istehsalın artırılmasına və müasir texnologiyaların tətbiqinə imkan verəcək.
Görüş zamanı fermer və sahibkarlar da çıxış edərək fəaliyyətləri ilə bağlı qarşılaşdıqları problemləri diqqətə çatdırıblar. Onlar növbəti dövr üçün planlarını açıqlayaraq Dövlət Proqramının icrasına yaxından qoşulacaqlarını bildiriblər.
Sonda sahibkarlar kənd təsərrüfatına göstərilən dövlət dəstəyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
İlkin Adıyev, Cənub Media
