Masallı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis üzrə rayon turniri təşkil edilib.
Cənub Media xəbər verir ki, noyabrın 2-də keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin tərəfdaşlığı ilə baş tutub.
Stolüstü Tennis Federasiyasının Masallı Stolüstü Tennis Filialında təşkil olunan turnirdə iştirakçılar qalib adı uğrunda mübarizə aparıblar.
Yarışın keçirilməsində məqsəd Zəfər Gününün əhəmiyyətini vurğulamaq, dövlət qurumlarının əməkdaşları arasında idmana marağı artırmaq, sağlam həyat tərzini təbliğ etmək və stolüstü tennisin kütləviliyini genişləndirmək olub.
Turnirin sonunda qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıblar.
Cənub Media, Masallı