Masallıda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “8 Noyabr Zəfər yaddaşı” adlı intellektual yarış təşkil edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 29-da Masallı “ASAN” Həyat Kompleksində yerləşən Heydər Əliyev adına İncəsənət Məktəbində “İntellekt klub” layihəsi çərçivəsində keçirilən yarış Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Masallı ASAN xidmət mərkəzinin dəstəyi ilə baş tutub.
Yarışda iştirakçılar Zəfər Günü, Azərbaycanın tarixi, Vətən müharibəsi və milli-mənəvi dəyərlərlə bağlı biliklərini nümayiş etdirərək müxtəlif suallar üzrə mübarizə aparıblar.
Yekun nəticələrə əsasən, Masallı ASAN xidmət mərkəzinin əməkdaşlarından ibarət “Xarıbülbül” komandası ən yüksək xal toplayaraq birinci yerə layiq görülüb.
Qalib iştirakçılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
Qeyd edək ki, intellektual yarışın keçirilməsində məqsəd Zəfər Gününün tarixi əhəmiyyətini təbliğ etmək, gənclərin bilik və dünyagörüşünü artırmaq, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirməkdir.
Cənub Media, Masallı

