Masallı rayonunun yeniyetmə cüdoçuları Azərbaycan Cüdo Federasiyasının (ACF) Kubokunda uğurlu nəticə göstərərək bir gümüş və bir bürünc medal qazanıblar.
Cənub Media xəbər verir ki, oktyabrın 25-26-da 17 yaşadək yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku təşkil olunub.
Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 58 klub və idman cəmiyyətini təmsil edən 248 idmançı mübarizə aparıb. Onlardan 197-si oğlan, 51-i isə qız olub. İki gün davam edən yarışın yekununda 16 çəki dərəcəsi üzrə qaliblər və mükafatçılar müəyyənləşib.
Turnirdə fərqlənən idmançılar arasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tabeliyində fəaliyyət göstərən Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirmələri də yer alıblar.
Belə ki, 52 kiloqram çəki dərəcəsində çıxış edən Jasmin Qardaşova finaladək irəliləyərək gümüş medalın sahibi olub. Ruqəyya Sadıqova isə 48 kiloqram çəki dərəcəsində rəqibləri ilə mübarizəni uğurla başa vuraraq bürünc medala layiq görülüb.
Qeyd edək ki, hər iki idmançının məşqçisi Masallı rayon Uşaq-Gənclər İdman Məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi, əməkdar məşqçi Xanağa Quliyevdir.
Cənub Media, Masallı