Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kütləvi açıq idman tədbiri təşkil edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 27-də şəhid Vüsal Kazımovun xatirə parkında keçirilən tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə regional idarənin əməkdaşları, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin kollektivi, idmançılar, kənd sakinləri, eləcə də şəhid Vüsal Kazımovun atası və ailə üzvləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən şəhidin atası Zəfər Gününün tarixi əhəmiyyətindən, Vətən uğrunda canlarından keçən qəhrəmanların şücaətindən və onların xatirəsinin yaşadılmasının vacibliyindən danışıb.
Qeyd edək ki, Vüsal Kazımov şəhidlik zirvəsinə ucalmazdan əvvəl Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin direktoru vəzifəsində çalışıb. Onun xatirə parkında keçirilən tədbir həm Zəfər Gününün təbliği, həm də şəhidin əziz xatirəsinin yad edilməsi baxımından əhəmiyyət daşıyıb.
Tədbir zamanı iştirakçılar müxtəlif idman hərəkətləri və fiziki aktivliklər nümayiş etdiriblər. Aksiyanın məqsədi gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, şəhidlərin xatirəsini yaşatmaq, sağlam həyat tərzini təşviq etmək və əhalinin kütləvi idmana marağını artırmaq olub.
Cənub Media, Lənkəran



