Astara rayonunda kivi yığımı davam etsə də, məhsulun satışında yaranan problemlər fermerləri narahat edir. Alıcıların azalması və qiymətlərin aşağı olması bağ sahiblərinin yetişdirdikləri məhsuldan gəlir əldə etməsini çətinləşdirir.
Cənub Media xəbər verir ki, rayonun kivi bağlarında yığım işləri davam edir. Lakin fermerlər bildirirlər ki, məhsulun yetişdirilməsinə, bağlara qulluq göstərilməsinə, suvarmaya və gübrələməyə çəkilən xərclərə baxmayaraq, hazırda məhsula alıcı tapmaq çətinləşib.
Kivi bağının sahibi Qorxmaz Fərhadovun sözlərinə görə, hazırda əsas problem məhsulun satışıdır. O bildirib ki, fermerlər bir kiloqram kivini 1 manata təklif etsələr də, alıcı tapmaqda çətinlik çəkirlər.
Fermerin sözlərinə görə, bağlara qulluq və digər təsərrüfat işləri il ərzində müəyyən maliyyə vəsaiti tələb edir. Məhsulun aşağı qiymətə təklif olunmasına baxmayaraq satılmaması isə çəkilən xərclərin qarşılanmasını çətinləşdirir.
Digər bağ sahibi Cavid Fərhadov da satış imkanlarının məhdudlaşmasının təsərrüfat sahiblərinə mənfi təsir göstərdiyini bildirib. Onun sözlərinə görə, məhsula tələbatın azalması və alıcıların azlığı fermerlərin gəlirlərini aşağı salır. Bu vəziyyət yalnız cari mövsümün nəticələrinə deyil, növbəti mövsüm üçün təsərrüfatların saxlanmasına da təsir edə bilər.
Fermerlər yetişdirilən məhsulun vaxtında satılması, alıcıların sayının artması və satış imkanlarının genişləndirilməsini vacib hesab edirlər. Onların fikrincə, məhsulun münasib qiymətə realizə olunması təsərrüfat xərclərinin qarşılanmasına və kiviçiliyin davamlı inkişafına kömək edə bilər.
Qeyd edək ki, Astara Rayon Statistika İdarəsinin məlumatına görə, rayonda kivi bağlarının ümumi sahəsi 162,4 hektar, o cümlədən məhsuldar sahələr 117,8 hektardır. 2025-ci ildə kivi bağlarından 819,4 ton məhsul yığılıb, orta məhsuldarlıq isə hər hektardan 7 ton təşkil edib.
Cənub Media, Astara