Astara rayonunda Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq turnir keçirilib.
Cənub Media xəbər verir ki, oktyabrın 15–17-də Astara Olimpiya İdman Kompleksində təşkil olunan yarış U15 yaş qrupu üzrə idmançıları əhatə edib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Azərbaycan Güləş Federasiyası və Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 10 komandanı təmsil edən 98 idmançı müxtəlif çəki dərəcələrində fəxri yerlər uğrunda mübarizə aparıb. Yarışda Astara, Lənkəran, Masallı-1, Masallı-2, Cəlilabad, Biləsuvar, Xızı, Füzuli, Şirvan və Bakı şəhərindən olan “Az-Sport” komandasının güləşçiləri iştirak ediblər.
Tədbirdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, “Mənim atam qəhrəmandır” layihəsinin rəhbəri, yazıçı Cəlal Qurbanov, Azərbaycan Güləş Federasiyası baş katibinin müavini Aydan Məmmədhəsənova, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, Milli Qəhrəman Pəncəli Teymurovun döyüş yoldaşı, qazi Telman Ağayev və qəhrəmanın anası Vahimə Teymurova çıxış ediblər.
Çıxışlarda Pəncəli Teymurovun həyat və döyüş yolunun gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Bildirilib ki, 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olan Pəncəli Teymurov 17 il Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyat-diversant taborunda xidmət edib və 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub.
Qeyd olunub ki, onun göstərdiyi qəhrəmanlıq dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. Pəncəli Teymurovun ömür yolu, Vətənə sədaqəti və döyüş şücaəti gənclər, xüsusilə də gələcəyin idmançıları üçün örnəkdir. Belə tədbirlərin keçirilməsi yeniyetmələrdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.
Turnirin sonunda müxtəlif çəki dərəcələri üzrə I, II və III yerləri tutan idmançılar Astara Olimpiya İdman Kompleksinin diplom və medalları ilə təltif olunublar.
Cənub Media, Astara