Cəlilabad rayonunun Çəmənli kəndi ərazisində yerləşən Xudutəpə çoxtəbəqəli qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı Kür-Araz arxeoloji mədəniyyətinin ilkin mərhələsinə aid mühüm tapıntılar üzə çıxarılıb.
Cənub Media xəbər verir ki, 2021-ci ildən fasilələrlə davam etdirilən tədqiqatlar nəticəsində Xudutəpədə müxtəlif dövrlərə aid zəngin mədəni təbəqələrin olduğu müəyyənləşdirilib. Tapıntılar burada yaşayışın eramızdan əvvəl V minillikdən – Xalkolit dövründən başlayaraq Orta əsrlərə, XIV-XV əsrlərə qədər davam etdiyini göstərir.
Arxeoloji ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin sözlərinə görə, Xudutəpənin yerləşdiyi ərazi qədim insanların məskunlaşması üçün əlverişli təbii-coğrafi şəraitə malik olub. Əkinçilik və maldarlıq üçün münasib imkanlar, şirin su ehtiyatları və zəngin təbiət yaşayış məskəninin uzun müddət fəaliyyət göstərməsinə şərait yaradıb.
Qazıntılar zamanı təsərrüfat quyuları, ocaq və təndir qalıqları, yaşayış otaqları, müxtəlif tikili qalıqları, eləcə də çiy kərpicdən hazırlanmış döşəmələr aşkarlanıb.
A.Ağalarzadə bildirib ki, yeni arxeoloji materiallar Kür-Araz mədəniyyətinin yaranması və ilkin yayılma arealı ilə bağlı mühüm məlumatlar verir. Onun sözlərinə görə, Xudutəpədəki tapıntılar bu mədəniyyətin ən qədim variantının Muğandan başlandığını ehtimal etməyə əsas verir.
Ekspedisiya rəhbəri Muğanı təbii və təsərrüfat imkanlarına görə “Cənubi Qafqazın Mesopotamiyası” adlandırmağın mümkün olduğunu qeyd edib.
İndiyədək Xudutəpədə aparılan qazıntılar zamanı 1000-dən çox arxeoloji tapıntı əldə olunub. Onlardan 300-ə yaxını qeydiyyata alınaraq AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun elmi fonduna, Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə və Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Bəzi nümunələr isə elmi analizlər üçün Almaniyanın Höte Universitetinin laboratoriyasına göndərilib. Analizlərin nəticələrinin yaxın aylarda açıqlanması və bununla da Xudutəpənin dəqiq yaşının müəyyənləşdirilməsi gözlənilir.
Qazıntılar zamanı İlk Tunc dövrünə aid gildən hazırlanmış 4 miniatür qoç fiquru da aşkarlanıb. Bununla Xudutəpədə tapılan belə fiqurların ümumi sayı 9-a çatıb.
A.Ağalarzadə bildirib ki, qoç fiqurları qədim insanların dünyagörüşü, təsərrüfat həyatı və xüsusilə heyvandarlıqla bağlı inancları barədə məlumat verir. Onun sözlərinə görə, bu tapıntıları Xudutəpə yaşayış məskəninin simvollarından biri hesab etmək olar.
Hazırda Xudutəpədə arxeoloji qazıntılar davam etdirilir. Yeni tapıntıların tədqiqinin Kür-Araz mədəniyyətinin ilkin mərhələsinin və Muğanda qədim yaşayışın inkişaf tarixinin daha ətraflı öyrənilməsinə imkan verəcəyi bildirilir.
İlkin Adıyev, Cənub Media