Cəlilabad rayonunun Təklə kəndi ərazisində ilk dəfə elmə məlum olan yeni qədim yaşayış məskəni – Oğlantəpə aşkar edilib.
Cənub Media xəbər verir ki, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Muğan Tunc – İlk Dəmir dövrü arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə ərazidə kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar aparılıb.
Oğlantəpə Cəfərli yolunun sağ tərəfində, yoldan təxminən 130 metr şimal-qərbdə yerləşən təbii təpənin üzərində salınıb. Təpənin diametri 100 metr, hündürlüyü isə təxminən 20 metrdir. Abidənin hər iki tərəfindən qədim çay dərələri keçir.
Mütəxəssislərin ilkin müşahidələrinə əsasən, ərazidə uzunmüddətli yaşayış nəticəsində qalın mədəni təbəqə formalaşıb.
Axtarışlar zamanı abidənin üst qatından Orta əsrlərə aid şirli və şirsiz saxsı nümunələri, mədəni təbəqənin kəsik hissəsindən isə əsasən İlk Tunc dövrünə aid maddi mədəniyyət nümunələri aşkarlanıb.
Tapıntılar arasında qonur və boz rəngli, yarımşarşəkilli qulplara malik saxsı qab fraqmentləri, boşqab tipli qablara aid qırıqlar, həmçinin daşdan hazırlanmış əşyalar xüsusi yer tutur.
Arxeoloqların fikrincə, Oğlantəpə kimi abidələrin gələcəkdə sistemli şəkildə qeydə alınması Muğan bölgəsində İlk Tunc dövrü yaşayış məskənlərinin yayılma arealının müəyyənləşdirilməsinə və ərazinin yeni arxeoloji xəritəsinin hazırlanmasına mühüm töhfə verə bilər.