Biləsuvar şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması məqsədilə aparılan abadlıq və quruculuq işləri çərçivəsində 5 kilometrdən çox yol asfaltlaşdırılıb.
Cənub Media xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə cari ilin Tədbirlər Planına uyğun olaraq, şəhər ərazisində 14 küçə və dalanda ümumi uzunluğu 5264 metr olan yollara yeni asfalt-beton örtüyü döşənib.
Aparılan təmir-tikinti işləri çərçivəsində Müslüm Maqomayev küçəsində 738 metr, Murad Məmmədov küçəsində 701 metr, İlyas Əfəndiyev küçəsi və ona birləşən dalanda 588 metr, Şəhid Seymur Abdullayev küçəsində 504 metr yol yenilənib.
Bundan başqa, Şəhid Şahmurad Əlizadə küçəsində 385 metr, Nazim Hikmət küçəsində 367 metr, Mübariz İbrahimov küçəsinə birləşən dalan hissəsində 332 metr, Hacı Zeynalabdin Tağıyev küçəsində 327 metr və Şəhid İqbal Astanlı küçəsində 325 metr yol asfaltlaşdırılıb.
Həmçinin Heydər Əliyev küçəsinə birləşən dalan hissəsində 286 metr, Şəhid Cəmil Behbudov küçəsində 278 metr, Baba Xammədov küçəsində 225 metr və Həzi Aslanov küçəsinə birləşən dalan hissəsində 208 metr yol təmir olunaraq yeni asfalt örtüyü ilə təmin edilib.
Görülən işlərin sakinlərin rahat gediş-gəlişinin və avtomobillərin təhlükəsiz hərəkətinin təmin edilməsinə, şəhərin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına xidmət etdiyi bildirilib.
Qeyd olunub ki, rayon üzrə yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdiriləcək. Növbəti illərdə təmirə ehtiyacı olan digər küçələrdə də yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
İlkin Adıyev, Cənub Media