Masallının Boradigah qəsəbəsində qədim misgərlik sənəti yaşadılır.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəsəbədə fəaliyyət göstərən misgərlik sexinə baş çəkib.
Rayon rəhbəri burada misgər Taleh Ağayevin hazırladığı müxtəlif mis əşya və qablarla tanış olub, sənətkarın əl işlərinə baxış keçirib.
Taleh Ağayev qədim sənətin incəliklərini qoruyaraq misdən müxtəlif məişət əşyaları və dekorativ nümunələr hazırlayır. Sexdə misgərlik ənənələrinin yaşadılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Araz Əhmədov misgərliyin Azərbaycan xalqının qədim sənətkarlıq sahələrindən biri olduğunu qeyd edib. O, bu sənətin qorunmasının, onun incəliklərinin gənc nəslə öyrədilməsinin və gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini vurğulayıb.
Rayon rəhbəri Taleh Ağayevə qədim sənəti yaşatdığı və milli sənətkarlıq ənənələrinin qorunmasına töhfə verdiyi üçün təşəkkürünü bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, misgərlik Azərbaycan xalqının zəngin sənətkarlıq irsində xüsusi yer tutur. Əsrlər boyu misdən hazırlanan qablar və digər əşyalar həm məişətdə istifadə olunub, həm də xalqımızın milli sənətkarlıq nümunələri kimi formalaşıb.
Boradigahda bu qədim sənətin yaşadılması isə ənənənin müasir dövrdə də davam etdirilməsinə nümunədir.
Əlihüseyn ŞÜKÜROV, Cənub Media