Lənkəranda küçə və yolların yenilənməsi, parkların bərpası və şəhərin müxtəlif ərazilərində abadlıq işləri genişləndirilir.
Cənub Media xəbər verir ki, şəhərdə aparılan işlər çərçivəsində bu il ümumilikdə 15 küçənin asfaltlanması nəzərdə tutulub. Artıq 11 küçədə hazırlıq işlərinə başlanılıb.
Məlumata görə, Ramin Rzayev, Barat Şükürov, Vaqif Hüseynov dalan 1 və Hənifə Abdullayev dalan 1 küçələrində isə asfaltlanma işləri artıq başa çatıb.
Hazırda Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov küçələrində də abadlıq işləri aparılır.
İşlər yalnız yolların asfaltlanması ilə məhdudlaşmır. Ərazilərdə piyada yolları və səkilər yenidən qurulur, səki daşları dəyişdirilir, hasarlar rənglənir, yaşıllıq sahələrinə qulluq edilir. Çoxmərtəbəli binaların fasadlarında da təmir işləri görülür.
Şəhərin əsas giriş hissələrindən hesab olunan Girdəni və Sütəmurdov körpülərindən Ləvəngi dairəsinədək olan ərazilər, eləcə də Şəhidlər xiyabanı, Koroğlu və Fikrət Məmmədov küçələri də abadlıq işlərinə cəlb olunub.
Lənkəranın su və kanalizasiya problemi də həll edilir
Sentyabrın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təmirdən sonra istifadəyə verilən “Veteranlar Parkı”na baxış keçirib.
Görüş zamanı rayonda həyata keçirilən layihələr barədə məlumat verilib. Bildirilib ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi üzrə tikinti-quraşdırma işləri artıq fəal mərhələyə keçib.
Rayon sakinlərini uzun müddətdir narahat edən məişət tullantıları problemi ilə bağlı da yeni addım atılır. Lənkəranda bərk məişət tullantılarının idarə edilməsi layihəsi 2026-cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısına daxil edilib.
Bu istiqamətdə yaxın müddətdə işlərə başlanılması gözlənilir.
Şəhərdə Həzi Aslanov, Xocalı, Əsgər Əliyev adına “Dostluq” və “Veteranlar” parklarının yenidən qurulması da nəzərdə tutulan abadlıq işləri sırasındadır.
Aparılan işlər şəhərin ümumi görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin piyada hərəkəti və yol infrastrukturundan istifadəsi üçün daha əlverişli şərait yaradılmasına hesablanıb.


İlkin Adıyev, Cənub Media