Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, tarixçi Ələsgər Mirzəzadənin adından sosial şəbəkələrdə saxta profillər yaradılıb.
Ələsgər Mirzəzadə Cənub Media – ya bildirib ki, naməlum şəxslər onun adı və fotosundan istifadə etməklə müxtəlif sosial şəbəkə hesabları açaraq tanıdığı şəxslərə dostluq göndərirlər.
Dostluq sorğuları qəbul edildikdən sonra həmin şəxslərlə “Messenger” vasitəsilə əlaqə saxlanılır və müxtəlif bəhanələrlə onlardan 40 manat pul istənilir.
Məlumata görə, bu hal bir neçə dəfə təkrarlanıb. Ələsgər Mirzəzadəni tanıyan bəzi şəxslər isə saxta profildən göndərilən pul tələbinə inanaraq vəsait də köçürüblər.
Pul göndərən şəxslərdən bəziləri ödəniş qəbzlərini Ələsgər Mirzəzadəyə təqdim ediblər. Bundan sonra onun adından dələduzluq məqsədilə istifadə edildiyi məlum olub.
Ələsgər Mirzəzadə sosial şəbəkə hesabında paylaşım edərək tanışlarını və dostlarını diqqətli olmağa çağırıb. O, öz adından açılan saxta profillərə və həmin hesablardan edilən pul tələblərinə inanmamağı tövsiyə edib.
Tarixçi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edib.
Hazırda faktla bağlı araşdırma aparılır.
