Masallıda əlilliyi olan uşaqların və onların ailələrinin diqqətdə saxlanılması məqsədilə xeyriyyə tədbiri keçirilib.
Cənub Media xəbər verir ki, tədbir Masallı şəhərində yerləşən “Karal Hotel”də baş tutub.
Görüşdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov iştirak edib. Rayon rəhbəri tədbirdə uşaqlar və onların valideynləri ilə görüşərək onların qayğı və istəkləri ilə maraqlanıb.
Çıxışında Araz Əhmədov sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, o cümlədən əlilliyi olan uşaqlara göstərilən diqqətin əhəmiyyətindən danışıb.
Tədbirin əsas hissəsində Masallı rayonunda yaşayan 35 əlilliyi olan uşağa ərzaq payları təqdim olunub.
Yardımlar “Ümid Yelkəni” İctimai Birliyinin sədri Laləzar Abıyevanın maliyyə dəstəyi ilə təşkil edilib.
Xeyriyyə tədbirinin təşkilatçıları “Masallı Xəbərləri” MİP-in təsisçisi və baş redaktoru Rauf Cəbiyev və təqaüdçü müəllimə, “Tərəqqi” medallı Əminə Abıyeva olub.
Görüş zamanı uşaqlar və valideynləri onlara göstərilən diqqət və dəstəyə görə təşəkkürlərini bildiriblər.
Tədbir iştirakçıları ilə keçirilən görüş səmimi şəraitdə davam edib. Uşaqlara təqdim olunan ərzaq yardımları ailələr tərəfindən minnətdarlıqla qarşılanıb.
Qeyd edək ki, sosial həssas qruplara dəstək məqsədilə keçirilən bu cür xeyriyyə təşəbbüsləri ehtiyacı olan ailələrin diqqətdə saxlanılması baxımından əhəmiyyət daşıyır.
Əlihüseyn Şükürov, Cenub.media