Lənkəran idmançıları pauerliftinq və bench-press üzrə Azərbaycan Kubokunda uğurlu nəticələr göstəriblər.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsindən Cənub Media-ya verilən məlumata görə, sentyabrın 12-13-də Bakı şəhərində yerləşən Şüvəlan Ağır Atletika Akademiyasında pauerliftinq və bench-press üzrə Azərbaycan Kuboku keçirilib.
Yarışda Lənkəranı təmsil edən idmançılar ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Bench-press yarışında 66 kiloqram çəki dərəcəsində çıxış edən Qismət Məmmədrəhimov yeniyetmələr arasında 110 kiloqram nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb. O, yarışın qalibi olaraq Azərbaycan Kubokunun qızıl medalına sahib olub.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmməd Əliyev yeniyetmələr arasında ikinci, eyni çəki dərəcəsində çıxış edən Nihat Həsənli isə gənclər arasında ikinci yeri tutaraq gümüş medala layiq görülüb.
Pauerliftinq üzrə qadınların 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Humay Səfərzadə yeniyetmələr arasında 150 kiloqram nəticə göstərərək birinci yeri tutub və qızıl medal qazanıb.
Kişilər arasında 74 kiloqram çəki dərəcəsində çıxış edən Mirtahib Kərimli isə yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, Lənkəran idmançılarının əldə etdiyi nəticələrdə məşqçi-müəllimlər Cavid Əlizadə və Kamran Əliyevin hazırlığı və əməyi də xüsusi qeyd olunur.
Yarışın nəticələri Lənkəranda pauerliftinq və bench-press idman növlərinin inkişafı, eləcə də gənc idmançıların ölkə səviyyəli yarışlarda rəqabət aparmaq imkanlarının genişləndiyini göstərir.