Astara rayonunun Təngərüd kəndində yerləşən Səməd Vurğun adına tam orta məktəbdə təhsil göstəriciləri diqqət çəkir.
Cənub Media xəbər verir ki, hazırda məktəbdə 673-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 47 müəllim məşğul olur.
Məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin ali və orta ixtisas təhsili müəssisələrinə hazırlığı istiqamətində məqsədyönlü iş aparılır.
Məktəbin direktoru Xaqani Mahmudov Cənub Media-ya bildirib ki, son buraxılışın nəticələri məktəbin təhsil göstəriciləri baxımından uğurlu olub.
Onun sözlərinə görə, məktəbi bitirən 47 XI sinif məzunundan 24-ü ali məktəblərə, 8-i kolleclərə, 5-i isə peşə təhsili müəssisələrinə qəbul olunub. Beləliklə, məzunların 37-si, yəni təxminən 79 faizi təhsillərini növbəti pillədə davam etdirmək hüququ qazanıb.
Xəqani Mahmudov qeyd edib ki, məktəbdə şagirdlərin yalnız dərs proqramı çərçivəsində deyil, müxtəlif bilik yarışları, fənn müsabiqələri və olimpiadalara hazırlığına da xüsusi diqqət yetirilir.
Direktorun sözlərinə görə, riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, fizika, kimya, biologiya və informatika fənləri üzrə əlavə hazırlıq məşğələləri keçirilir. İstedadlı və yüksək nəticə göstərən şagirdlər müəyyənləşdirilərək onlarla fərdi və qrup şəklində iş aparılır.
Məktəb rəhbəri qarşıdakı dövrdə də şagirdlərin təhsil göstəricilərinin yüksəldilməsi, olimpiada və müsabiqələrdə iştirakının genişləndirilməsi istiqamətində işlərin davam etdiriləcəyini bildirib.
Məktəbin diqqətçəkən xüsusiyyətlərindən biri isə yardımçı təsərrüfatının fəaliyyət göstərməsidir.* Təsərrüfat sahəsində yerli iqlim şəraitinə uyğun narıngi, portağal, kivi və feyxoa yetişdirilir.
Əldə olunan məhsulların satışından gələn vəsaitin məktəbin ehtiyaclarının qarşılanmasına və maddi-texniki imkanlarının yaxşılaşdırılmasına yönəldildiyi bildirilir.
Yardımçı təsərrüfat eyni zamanda şagirdlərdə peşəyönümü, əməksevərlik və kənd təsərrüfatına marağın formalaşdırılmasına xidmət edir.
Məktəbdə şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində də müxtəlif tədbirlər keçirilir. Dövlət və milli bayramlar, tarixi günlər və görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığı ilə bağlı tədbirlər təşkil olunur.
Bundan başqa, məktəb-valideyn əməkdaşlığı çərçivəsində şagirdlərin təlim nəticələri, davamiyyəti, davranışı və gələcək təhsil perspektivləri müzakirə edilir.
Məktəb qarşıdakı dövrdə təhsilin keyfiyyətinin və şagird nailiyyətlərinin artırılması, IX və XI siniflərdə buraxılş, ali məktəblərə, kolleclərə, peşə liseylərə qəbul göstəricilərinin yüksəldilməsi, olimpiada və müsabiqələrdə iştirakın genişləndirilməsi, eləcə də yardımçı təsərrüfatın daha da inkişaf etdirilməsini əsas hədəflər kimi müəyyənləşdirib.

