Son illər estetik prosedurlara, xüsusilə botoks və dolğu tətbiqlərinə maraq artıb. Sosial şəbəkələrdə müxtəlif kosmetoloji prosedurların geniş şəkildə təbliğ olunması isə gənclərin də bu xidmətlərə daha erkən yaşlarda müraciət etməsinə səbəb olur.
Bəs gənc yaşda botoks və dolğu etdirmək nə dərəcədə doğrudur? Bu prosedurlar hansı hallarda məqsədəuyğun hesab olunur və hansı riskləri daşıya bilər?
Cənub Media bu məsələ ilə bağlı həkim-kosmetoloq Könül Hüseynovanın fikirlərini öyrənib.
Mütəxəssis Cənub Media-ya açıqlamasında bildirib ki, gənc yaşda botoks və dolğuya sırf moda və sosial şəbəkələrin təsiri ilə müraciət etmək düzgün deyil. Bu prosedurların tibbi göstərişi və ya real estetik ehtiyacı olduqda, mütləq ixtisaslı mütəxəssis tərəfindən fərdi qiymətləndirmə aparılmalıdır. Gənclərə sosial mediada yaradılan qeyri-real gözəllik standartlarının təsirindən qorunmaq, prosedurun risklərini və mümkün nəticələrini bilmədən qərar verməmək tövsiyə olunur. Gözəllik anlayışı üz cizgilərinin süni şəkildə dəyişdirilməsindən çox, sağlam və təbii görünüşün qorunması üzərində qurulmalıdır.
Həkim-kosmetoloq- qeyd edib ki, gənc yaşda botoks və dolğu prosedurlarına ehtiyac məsələsinə fərdi yanaşmaq lazımdır. Bu prosedurların yalnız estetik trendə və ya sosial şəbəkələrdə formalaşan gözəllik standartlarına görə etdirilməsi düzgün yanaşma deyil. Xüsusilə üz cizgiləri və mimikası hələ dəyişən gənclərdə sırf “modaya uyğun görünmək” məqsədilə müdaxilələrə tələsmək məsləhət görülmür.
Mütəxəssisin sözlərinə görə, botoks və dolğu eyni prosedur deyil və onların tətbiq məqsədləri də fərqlənir. Buna görə də pasiyentin ehtiyacına uyğun olmayan müdaxilələr arzuolunmaz nəticələrə səbəb ola bilər.
Həkim gənclərə sosial şəbəkələrdə gördükləri görüntülərə əsaslanaraq kosmetoloji prosedur seçməməyi, ilk növbədə mütəxəssis müayinəsindən keçməyi tövsiyə edib.
O, həmçinin botoks və dolğu etdirmək istəyən şəxslərin prosedurun kim tərəfindən həyata keçiriləcəyinə, istifadə olunan preparatın mənşəyinə və tibbi təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.
Həkim-kosmetoloq sonda vurğulayıb ki, estetik prosedurların əsas məqsədi insanın üz ifadəsini dəyişdirmək deyil, onun təbii gözəlliyini qorumaq və daha baxımlı görünüş yaratmaqdır. Onun sözlərinə görə, görülən hər bir işdə üz cizgilərinin və təbiiliyin itirilməməsi, insanın danışarkən fikirlərini mimikaları ilə ifadə etmək qabiliyyətinin qorunması əsas şərtlərdən biri olmalıdır.