2026-cı il Zəfər Günü ərəfəsində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. Ölkənin müxtəlif bölgələrindən 400-ə yaxın QHT nümayəndəsini bir araya gətirən forum vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin gücləndirilməsi, təcrübə mübadiləsi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma olub.
Forumda “Yaradıcı Gənclər” İctimai Birliyinin sədri Rafət Şirəliyev də iştirak edib.
Rafət Şirəliyev forumun əhəmiyyətini dəyərləndirərək bildirib ki, bu cür görüşlər QHT sektorunun inkişafı ilə yanaşı, təşkilatların bir-birinin fəaliyyətini daha yaxından tanımasına, mövcud təcrübələrdən faydalanmasına və ortaq təşəbbüslərin formalaşmasına şərait yaradır.
Onun sözlərinə görə, xüsusilə regionlarda fəaliyyət göstərən QHT-lər üçün belə platformaların əhəmiyyəti böyükdür. Çünki regional təşkilatların öz fəaliyyətlərini təqdim etməsi, digər təşkilatlarla əlaqələr qurması, yeni tərəfdaşlar qazanması və ölkə miqyasında həyata keçirilən təşəbbüslərdə daha fəal iştirak etməsi üçün əlavə imkanlar yaranır.
“Düşünürəm ki, QHT sektorunda əməkdaşlıq yalnız tədbirlərdə görüşmək və fikir mübadiləsi aparmaqla məhdudlaşmamalıdır. Əsas məqsəd bu əlaqələri real birgə layihələrə, sosial təşəbbüslərə və cəmiyyət üçün faydalı nəticələrə çevirmək olmalıdır. Hər bir təşkilatın özünəməxsus təcrübəsi, potensialı və fəaliyyət istiqaməti var. Bu imkanları birləşdirə bildikdə daha böyük nəticələr əldə etmək mümkündür”, – deyə Rafət Şirəliyev qeyd edib.
O, həmçinin gənclərlə işləyən təşkilatların QHT sektorunda daha fəal təmsil olunmasının, region gənclərinin təşəbbüslərinin dəstəklənməsinin və vətəndaş cəmiyyətinin inkişaf prosesində gənclərin iştirak imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Rafət Şirəliyev forumun təşkilinə və QHT-lər arasında əməkdaşlıq mühitinin inkişafına verdiyi töhfəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.
Qeyd edək ki, iki gün davam edən IV QHT Əməkdaşlıq Forumu çərçivəsində vətəndaş cəmiyyətinin inkişafı, dövlət–QHT əməkdaşlığı, təşkilatlararası tərəfdaşlıq və yeni təşəbbüslərin müzakirəsi istiqamətində görüşlər keçirilib.
