Masallı rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş 21 kilometrlik “Masallı Zəfər qaçışı 2026” yarımarafonu keçirilib.
Cənub Media xəbər verir ki, noyabrın 7-də təşkil olunan tədbir Masallı Rayon İcra Hakimiyyətinin, Masallı, Ərkivan və Qəriblər bələdiyyələrinin təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Bakı Marafon Klubu”nun tərəfdaşlığı ilə baş tutub.
Yarımarafon iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, abidələri önünə gül dəstələri düzüblər.
Start nöqtəsində iştirakçıları salamlayan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idmana göstərilən diqqət və qayğıdan, belə sağlamlıq tədbirlərinin əhəmiyyətindən danışıb.
Yarımarafona Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
İştirakçılar Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydandan hərəkətə başlayaraq Masallı şəhəri, Ərkivan qəsəbəsi və Qəriblər kəndindən keçiblər. Yarış Masallı şəhərindəki Heydər Əliyev Parkında başa çatıb.
Yekunda qaliblərə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən kubok, fəxri fərman və pul mükafatları təqdim olunub. Marşrutu tam başa vuran digər iştirakçılar isə medal və sertifikatlarla təltif ediliblər.
Cənub Media, Masallı












