????????????????????????????????????
Lənkəranda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü böyük qürur və təntənə ilə qeyd olunub. Tarixi Zəfərin rəmzinə çevrilən bu əlamətdar gün münasibətilə şəhərdə silsilə tədbirlər təşkil edilib, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, bayram əhvali-ruhiyyəsi konsert proqramı ilə davam etdirilib.
Cənub Media xəbər verir ki, tədbirdə Ləkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri əvvəlcə Lənkərandan olan Milli Qəhrəmanların abidələrini, daha sonra Şəhidlər Xatirə Abidə-Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad edilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri ilə görüşərək onları Zəfər Günü münasibətilə təbrik edib.
Bayram tədbirlərinin yekunu olaraq “Şah” şadlıq sarayında “Bir zəfərin işığında” adlı konsert proqramı təqdim olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Zəfər Gününün tarixi əhəmiyyətindən, xalqımızın milli birliyindən və şəhidlərin müqəddəs amalından bəhs edib.
İcra başçısı bildirib ki, şəhid ailələrinə və qazilərə dövlət qayğısının davam etdirilməsi yalnız sosial siyasət deyil, həm də milli-mənəvi borcumuzdur. Şəhidlərin əziz xatirəsini yaşatmaq, onların ailələrinə diqqət və qayğı göstərmək dövlətimizin və cəmiyyətimizin dəyişməz vəzifəsidir.
Taleh Qaraşov, həmçinin vurğulayıb ki, informasiya müharibələrinin geniş vüsət aldığı müasir dövrdə milli maraqlarımızın, tarixi həqiqətlərimizin və milli-mənəvi dəyərlərimizin müdafiəsi hər birimizin üzərinə mühüm məsuliyyət qoyur. Onun sözlərinə görə, ideoloji baxımdan güclü, hərbi cəhətdən qüdrətli və sosial məsuliyyətli Azərbaycan naminə fəaliyyətimizi birlik və həmrəylik şəraitində davam etdirməliyik.
Tədbirin bədii hissəsi yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə davam edib. Konsert proqramında tanınmış müğənnilər Cavad Rəcəbov, Cavid Lənkəranlı, Mehparə Rzayeva, Elvin Kərimli, Elgün Əlizadə, Əli Hüseynov, Əsəd Məmmədov və Gülər Kərimova çıxış ediblər.
Həmçinin Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor kollektivi tamaşaçılara musiqi töhfəsi təqdim edib. Konsert proqramı çərçivəsində məktəbin müəllim və şagird kollektivinin ifasında “Zəfər” kompozisiyası nümayiş olunub.
Qeyd edək ki, Zəfər Günü ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində viktorinalar, bilik yarışları, rəsm sərgiləri, idman turnirləri, elmi konfranslar, ağacəkmə aksiyaları təşkil olunub, teatr tamaşaları nümayiş etdirilib.
Cənub Media, Lənkəran








