Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil olunub.
Cənub Media xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini və Şəhidlər Parkı Abidə Kompleksini ziyarət edərək xatirələrinə ehtiramlarını bildiriblər.
Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində Zəfər Gününə həsr olunmuş rəsm sərgisi ilə tanışlıq olub. Sərgidə Vətən müharibəsi qəhrəmanı Rəşad Abdullayevin qızı Rüqəyya Abdullazadənin və digər rəssamların əsərləri nümayiş etdirilib.
Rəsmi hissə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir Heydər Əliyev Mərkəzində təşkil olunan konsert proqramı ilə davam edib. Respublikanın tanınmış incəsənət ustalarının və populyar müğənnilərin ifasında təqdim olunan musiqi nömrələri iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edib.
Yüksək vətənpərvərlik ruhunda keçən konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Cənub Media, Cəlilabad




