Masallıda şagird nailiyyətlərinin yüksəldilməsində ailə və məktəb əməkdaşlığının əhəmiyyətinə həsr olunan valideyn konfransı təşkil edilib.
Cənub Media xəbər verir ki, Masallı rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Gənclər Mərkəzində keçirilən “Şagird nailiyyətlərinin artırılmasında valideynlərin rolu” mövzusunda konfransda təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, tərbiyəçi-müəllimlər, psixoloqlar və valideynlər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin akademik göstəricilərinin yaxşılaşdırılması, davamiyyət və nizam-intizamın təmin olunması, sağlam məktəb mühitinin formalaşdırılması, eləcə də valideynlərin təhsil prosesində iştirakının artırılması məsələləri müzakirə olunub.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbəsinin sektor müdiri Abbas Abbaszadə, Masallı Rayon Polis Şöbəsinin rəis müavini İxtiyar Talıbov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon üzrə təhsil sektorunun müdiri Elman Rzayev erkən nikahın qarşısının alınması, narkomaniyaya qarşı mübarizə, sağlam həyat tərzinin təşviqi və təhsilin cəmiyyətin inkişafındakı rolu barədə danışıblar. Bu məsələlərin həllində ailə, məktəb və aidiyyəti qurumların birgə fəaliyyətinin vacibliyi vurğulanıb.
Daha sonra rayon Ağsaqqallar Şurasının üzvü Fəxrəddin Talıbov və valideynlər mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, şagirdlərin təlim nəticələrinin yüksəldilməsində valideynlərin övladlarının dərs fəaliyyətinə müntəzəm maraq göstərməsi, onların motivasiyasını artırması və mənəvi dəstək verməsi mühüm əhəmiyyət daşıyır. Ailə ilə təhsil müəssisəsi arasında davamlı əməkdaşlığın qurulması da bu prosesin əsas şərtlərindən biri kimi qeyd edilib.
Konfransda mövzu ətrafında fikir mübadiləsi aparılıb, valideynlərin sualları cavablandırılıb və şagird nailiyyətlərinin artırılması ilə bağlı tövsiyələr verilib.
Cənub Media, Masallı



