Lənkəranda “Bir cənub şəhərində” adlı festival təşkil olunub.
Cənub Media xəbər verir ki, noyabrın 3-də Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsinin və “Citrus Valley” fermer təsərrüfatının birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyinin Lənkəran-Astara Regional Bölməsinin tərəfdaşlığı ilə keçirilən festival “Citrus Valley” fermer təsərrüfatının ərazisində baş tutub.
Açılış mərasimində çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə tədbirin əhəmiyyətindən, regionun zəngin sitrusçuluq ənənələrindən, aqrar potensialından və gənclərin yerli istehsala marağından danışıb. O, ölkədə gənclərin inkişafına, sahibkarlığın təşviqinə və regionların sosial-iqtisadi tərəqqisinə göstərilən dövlət dəstəyini vurğulayıb.
Sonra Gənclər və İdman Nazirliyinin əməkdaşı İlkin Quluzadə, İqtisadiyyat Nazirliyinin Lənkəran-Astara Regional Bölməsinin rəhbəri Elvin Nəhmətli, Regional İnkişaf İctimai Birliyinin Lənkəran-Astara Regional Bölməsinin rəhbəri İlkin Muradov və “Citrus Valley” fermer təsərrüfatının rəhbəri Rəftarə Şükürova çıxış ediblər. Çıxışlarda regionun aqrar və turizm potensialı, sitrusçuluğun inkişaf perspektivləri, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması və yerli istehsalın təşviqi məsələlərinə toxunulub.
Festivalda ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən Gənclər Evləri və sahibkarlar öz məhsullarını, əl işlərini və istehsal nümunələrini təqdim ediblər. Stendlərdə nümayiş olunan məhsullar, eləcə də iştirakçıların fəaliyyəti və istehsal imkanları barədə qonaqlara məlumat verilib.
Tədbir Gənclər Evlərinin üzvlərinin hazırladığı bədii proqramla davam edib. Proqramda musiqi nömrələri və milli rəqslər təqdim olunub. Masallı “Halay” folklor rəqs qrupunun çıxışı da iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Festival çərçivəsində gənclərin fəallığını, komanda ruhunu və yaradıcılıq bacarıqlarını təşviq etmək məqsədilə “Feyxoa möcüzəsi” və kivi mürəbbəsinin hazırlanması üzrə “Sitrus mətbəxi” müsabiqələri təşkil olunub.
“Feyxoa möcüzəsi” müsabiqəsində komandalar ümumilikdə 468 kiloqram feyxoa yığıblar. Nəticələrə əsasən, Mingəçevir Gənclər Evi 66,85 kiloqram göstərici ilə birinci, Qazax Gənclər Evi 66,45 kiloqramla ikinci, Zərdab Gənclər Evi isə 50,15 kiloqramla üçüncü yeri tutub.
Kivi mürəbbəsinin hazırlanması üzrə müsabiqədə də komandalar kulinariya bacarıqlarını və yaradıcılıqlarını nümayiş etdiriblər.
Qalib komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və “Citrus Valley” fermer təsərrüfatı tərəfindən diplom, təşəkkürnamə və hədiyyələrlə mükafatlandırılıblar. Festivalda fəal iştiraklarına, təqdim etdikləri stendlərə və bədii proqramın təşkilinə verdikləri töhfəyə görə Gənclər Evlərinə də təşəkkürnamələr təqdim olunub.
Festival regionun sitrusçuluq ənənələrinin tanıdılması, yerli məhsulların təşviqi, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi və regionlararası əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Cənub Media, Lənkəran




