Lənkəranın tanınmış aqrar mütəxəssisi Rzayev Təyyub Əyyub oğlu vəfat edib.
Cənub Media xəbər verir ki, Təyyub Rzayev 1947-ci il iyunun 8-də Lənkəran rayonunun Bala Şürük kəndində anadan olub.
O, 1970-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Əmək fəaliyyətinə həmin ilin may ayında Lənkəran rayonundakı Murdov-1 sovxozunda entomoloq kimi başlayıb. 1971–1972-ci illərdə həqiqi hərbi xidmətdə olub.
1972–1985-ci illərdə Babək adına Tərəvəzçilik-Çayçılıq Sovxozunda baş aqronom və direktor, 1985–1998-ci illərdə isə Həzi Aslanov adına sovxozda direktor müavini və baş aqronom vəzifələrində çalışıb.
1999–2000-ci illərdə “Həyat” humanitar təşkilatının Lənkəran Biznes Mərkəzində koordinator işləyən Təyyub Rzayev 2001-ci ilin aprelindən Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Bölgə Təcrübə Stansiyasına rəhbərlik edib.
2002–2006-cı illərdə Zona Təcrübə Stansiyasının direktoru vəzifəsini icra etməklə yanaşı, Lənkəran Regional Aqrar Elm Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. 2016-cı ilin noyabrından Lənkəran Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.
İlkin Adıyev, Cənub Media, Lənkəran