Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” müsabiqəsinin region turunda iştirak ediblər.
Cənub Media xəbər verir ki, müsabiqənin region turunda 45 komandanı təmsil edən 135 şagird öz bilik və bacarıqlarını nümayiş etdirib.
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar təşkil olunan müsabiqə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilib.
Müsabiqənin əsas məqsədi şagirdlərdə tarixi-mədəni irsə marağı artırmaq, onların yaradıcılıq və tədqiqat bacarıqlarını inkişaf etdirmək, istedadlı məktəblilərin potensialını üzə çıxarmaqdır.
İştirakçılar Qərbi Azərbaycana məxsus tarixi-mədəni abidələrin üçölçülü maketlərini hazırlayıb, onların tarixi və memarlıq xüsusiyyətləri barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər hazırladıqları işlər vasitəsilə həm yaradıcılıq, həm də araşdırma qabiliyyətlərini nümayiş etdiriblər.
Belə təşəbbüslər məktəblilərin tarixi irsin öyrənilməsi və qorunmasına marağının artırılmasına, eləcə də əldə etdikləri biliklərin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Cənub Media, Lənkəran

