Diş fırçasından uzun müddət istifadə etmək ağız gigiyenasının keyfiyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislər fırçanın müəyyən müddətdən bir yenilənməsinin, tükləri aşındıqda isə vaxtından əvvəl dəyişdirilməsinin vacibliyini vurğulayırlar.
Cənub Media xəbər verir ki, ispan diş həkimi Maria Gamez diş fırçalarının düzgün istifadə müddəti və onların nə zaman dəyişdirilməli olduğu ilə bağlı tövsiyələr verib.
Onun sözlərinə görə, diş fırçası ən gec üç aydan bir dəyişdirilməlidir. Uzun müddət istifadə nəticəsində fırçanın tükləri aşınır və diş səthindəki ərpin, eləcə də qida qalıqlarının təmizlənməsi səmərəliliyini itirə bilər.
Amerika Stomatologiya Assosiasiyası da diş fırçasının hər üç-dörd aydan bir dəyişdirilməsini tövsiyə edir. Bununla belə, fırçanın tükləri daha tez deformasiyaya uğrayarsa, göstərilən müddətin tamamlanmasını gözləmədən onu yeniləmək lazımdır.
Diş fırçasının dəyişdirilməsi ilə bağlı digər vacib məqam isə xəstəlikdən sonrakı dövrdür. Mütəxəssislər qrip və soyuqdəymə kimi xəstəliklərdən sağaldıqdan sonra fırçanın dəyişdirilməsini tövsiyə edirlər. Bununla yanaşı, fırçanı düzgün saxlamaq, istifadədən sonra yaxşıca yaxalamaq və qurumasına imkan vermək də gigiyena baxımından əhəmiyyətlidir.
Maria Gamez xatırladıb ki, ağız yaxalayıcıları dişlərin fırçalanmasını əvəz etmir. Sağlam ağız boşluğu üçün dişləri gündə iki dəfə, hər dəfə iki dəqiqə fırçalamaq, diş aralarını diş ipi ilə təmizləmək, şəkərli qidaların qəbulunu məhdudlaşdırmaq və tütündən uzaq durmaq tövsiyə olunur.
Mütəxəssislərin tövsiyələrinə əməl etmək dişlərin və diş ətlərinin sağlamlığının qorunmasına kömək edir.
Cənub Media