Masallı rayonunun Ərkivan qəsəbəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib.
Cənub Media xəbər verir ki, oktyabrın 28-də Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya Ərkivan–Allahyarlı avtomobil yolunun hər iki tərəfində təşkil olunub.
Aksiyada Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, icra hakimiyyətinin əməkdaşları, ərazi nümayəndəliklərinin və bələdiyyələrin təmsilçiləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Araz Əhmədov Zəfər Günü ərəfəsində ağacəkmə aksiyalarının artıq ənənə halını aldığını bildirib. Payız mövsümünün ağac əkilməsi üçün əlverişli olduğunu vurğulayan rayon rəhbəri bu cür təşəbbüslərin ətraf mühitin qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi və gələcək nəsillərə sağlam təbiətin ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.
O, xüsusilə “Masallı Zəfər qaçışı 2026” yarımarafonunun marşrutu boyunca ağacların əkilməsini təqdirəlayiq təşəbbüs kimi dəyərləndirib.
Çıxışlardan sonra aksiya iştirakçıları ərazidə ağaclar əkib, onların suvarılması və torpağın bərkidilməsi işlərini həyata keçiriblər.
Ağacəkmə aksiyası ərazinin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına və Zəfər Gününün mənəvi dəyərlərinin təbliğinə töhfə verib.
Əlihüseyn Şükürov, Cənub Media, Masallı