2026-cı ilin yanvar-sentyabr aylarında Astara rayonunda 44 milyon 477 min manatlıq sənaye məhsulu istehsal olunub.
Cənub Media xəbər verir ki, bu barədə rayonun sənaye müəssisələrinin və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların hesabat dövrü üzrə göstəricilərində qeyd olunub.
İstehsal olunan sənaye məhsulunun 80,3 faizi emal sənayesinin, 19,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunun payına düşüb. Sənayedə qeyri-dövlət sektorunun xüsusi çəkisi 80,3 faiz təşkil edib.
Hesabat dövründə emal sənayesində ev təsərrüfatlarında məhsul istehsalı və hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 35 milyon 739,8 min manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Bununla yanaşı, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 54,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 63,5 faiz azalıb.
İstehsal olunan sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilib. Əvvəlki dövrlərdən qalan ehtiyatlar da nəzərə alınmaqla, 2026-cı il oktyabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 2 milyon 863,7 min manatlıq hazır məhsul olub.
Cənub Media, Astara