Cənub Media xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə təşkil olunacaq.
Konfrans və forumun əsas məqsədi gənc oftalmoloqların elmi və peşəkar inkişafını dəstəkləmək, onların nəzəri biliklərini və praktik bacarıqlarını artırmaq, eləcə də oftalmologiya sahəsində müasir elmi nailiyyətlərin, innovativ texnologiyaların və yeni müalicə yanaşmalarının müzakirəsinə şərait yaratmaqdır.
Tədbir çərçivəsində müasir diaqnostika və müalicə üsulları, innovativ texnologiyalar, həmçinin süni intellektin səhiyyədə tətbiqi ilə bağlı məsələlər diqqət mərkəzində olacaq. Gənc mütəxəssislərin elmi təcrübə mübadiləsi aparması, klinik təcrübə ilə elmi tədqiqatlar arasında əlaqələrin gücləndirilməsi və oftalmologiyanın aktual problemlərinin müzakirəsi nəzərdə tutulur.
Konfransın elmi proqramına buynuz qişanın perforasiyasında Tenon kapsulu yamağının tətbiqi, nazik buynuz qişalı keratokonus xəstələrində lazer müalicəsi, Vogt–Koyanagi–Harada xəstəliyi, lakrimal punktal ektropion, proliferativ diabetik retinopatiyada vaxtında aparılan lazer müalicəsinin əhəmiyyəti, təcili travma hallarında gənc oftalmoloqların bilməli olduğu məqamlar, eləcə də tubulointerstisial nefrit və uveit (TİNU) sindromu ilə bağlı məruzələr daxil edilib.
Elmi məruzələr zamanı müasir klinik yanaşmaların təqdim olunması, mürəkkəb klinik halların müzakirəsi və gənc həkimlərin elmi potensialının inkişaf etdirilməsi hədəflənir.
Professor Nazim Əfəndiyevin 100 illik yubileyinə həsr olunan tədbir oftalmologiya sahəsində elmi irsin qorunması, peşəkar ənənələrin davam etdirilməsi, gənc mütəxəssislərin elmi fəaliyyətə təşviq olunması və peşəkar əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Konfrans və forum oktyabrın 30-da saat 09:00-da Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək. Tədbirin ünvanı Bakı şəhəri, 6-cı mikrorayon, Cavadxan küçəsi 32/15-dir.
Əlavə məlumat üçün (+994) 50 891 94 51 mobil nömrəsi, (012) 568 28 90 telefon nömrəsi və oftalmoloqlarcemiyyeti@gmail.com elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Tədbirin əlaqələndirilməsi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi tərəfindən həyata keçirilir.
Cənub Media