Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatında Prezident İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Cənub Media xəbər verir ki, müşavirədən əvvəl iştirakçılar Masallı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev çıxışında partiyanın ölkənin müstəqillik dövründə əldə etdiyi tarixi nailiyyətlərdəki rolundan danışıb. O, Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqinin partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi, yeni ictimai-siyasi reallıqların dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Seyfəddin Əliyev çıxışında ideoloji təhlükəsizliyin gücləndirilməsi, müasir çağırışlara uyğun fəaliyyətin qurulması və formal tədbirlərdən uzaqlaşaraq daha səmərəli iş üsullarına üstünlük verilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, kiberhücumların və müxtəlif ideoloji təsirlərin artdığı bir dövrdə milli maraqların və dövlətçilik dəyərlərinin qorunması xüsusi əhəmiyyət kəsb edir.
Müşavirədə iştirak edən Milli Məclisin deputatı Məşhur Məmmədov da çıxış edərək YAP-ın VIII Qurultayının siyasi əhəmiyyətindən bəhs edib. O, dəyişən geosiyasi şəraitdə Azərbaycanın təhlükəsizliyinin, müstəqil xarici siyasət kursunun və milli maraqlarının qorunmasının əsas prioritetlərdən olduğunu bildirib.
Deputat, həmçinin ölkə iqtisadiyyatının güclənməsinin əhalinin sosial rifahının yüksəldilməsinə, xüsusilə aztəminatlı ailələrin vəziyyətinin yaxşılaşdırılmasına verdiyi töhfələrə diqqət çəkib.
Tədbirdə şəhid anası, R.Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ərazi partiya təşkilatının sədri Mehriban Sultanova, Mahmudavar ərazi partiya təşkilatının sədri Kinəxanım Əliyeva, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Masallı rayon filialının sədri Ramiz Tağıyev, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində keçirilən qurultayın partiyanın gələcək fəaliyyəti üçün müəyyən etdiyi strateji hədəhlərin əhəmiyyəti vurğulanıb.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Əliheseyn Şükürov, Cənub Media, Masallı

