Dəridə yaranan papillomalar və ət xalları çox vaxt xoşxassəli törəmələr olur. Lakin onların görünüşündəki dəyişikliklər və ya yanlış üsullarla aradan qaldırılmasına cəhd dəridə qıcıqlanma və digər fəsadlara səbəb ola bilər.
Cənub Media xəbər verir ki, xalq arasında ət xalların aradan qaldırılması üçün alma sirkəsindən istifadə üsulu yayılsa da, bu metodun təhlükəsizliyini və effektivliyini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.
Yayılan üsula əsasən, alma sirkəsi pambığa çəkilərək gün ərzində bir neçə dəfə dəri törəməsinin üzərinə tətbiq olunur. İddialara görə, bir müddət sonra törəmə rəngini dəyişir və qoparaq düşür.
Lakin mütəxəssislər dəridəki törəmələrin üzərinə sirkə və digər turşu tərkibli maddələrin çəkilməsinin yanıq, qıcıqlanma, yara və çapıq yaranmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edirlər. Sirkənin su ilə durulaşdırılması da bu riski tam aradan qaldırmır.
Dermatoloqlar dəridə yaranan törəmələrin özbaşına yandırılmasını, kəsilməsini və ya kimyəvi maddələrlə yox edilməsini tövsiyə etmirlər. Çünki hər bir dəri törəməsinin ət xalı və ya papilloma olduğunu yalnız görünüşünə əsasən müəyyən etmək mümkün deyil.
Ət xalından narahatlıq yaranarsa, böyümə, rəng və forma dəyişikliyi, qanama və ya ağrı müşahidə edilərsə, dermatoloqa müraciət etmək lazımdır. Həkim müayinədən sonra törəmənin təhlükəsiz üsulla götürülməsinin zəruri olub-olmadığını müəyyən edə bilər.
Cənub Media