Oktyabrın 1-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rəhbərliyi ilə “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib.
Cənub Media xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin kollektivi, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbirdə dövlət qurumlarında xalqa xidmətin təşkili, vətəndaş müraciətlərinə diqqətli və operativ yanaşılması, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etməsi, şəffaflığın və məsuliyyətin artırılması məsələləri müzakirə olunub.
Çıxış edən Araz Əhmədov bildirib ki, dövlət idarəçiliyində əsas prinsiplərdən biri vətəndaşlara layiqli və keyfiyyətli xidmət göstərilməsi, onların müraciətlərinə həssas yanaşılması və problemlərinin qanunvericiliyin tələblərinə uyğun həllinə nail olunmasıdır.
İcra başçısı vurğulayıb ki, hər bir dövlət qulluqçusu öz fəaliyyəti ilə dövlət idarəçiliyinin nüfuzuna təsir göstərir. Bu baxımdan vətəndaşlarla ünsiyyətdə nəzakətli, diqqətli və obyektiv davranılması, onların hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması vacibdir.
Tədbirdə dövlət qurumlarının müsbət imicinin formalaşdırılmasında əməkdaşların peşəkarlığı, davranış mədəniyyəti və xidməti vəzifələrə məsuliyyətli yanaşmasının əhəmiyyəti qeyd edilib.
Çıxışlarda etik davranış qaydalarına riayət olunmasının, dövlət qulluqçularının fəaliyyətində qanunçuluq, obyektivlik, qərəzsizlik, nəzakətlilik, məsuliyyətlilik və şəffaflıq prinsiplərinin əsas götürülməsinin vacibliyi vurğulanıb.
Bildirilib ki, vətəndaş müraciətlərinin qəbulu və dinlənilməsi, müraciətlərdə qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və nəticəsi barədə vətəndaşların məlumatlandırılması diqqətdə saxlanılmalıdır. Qeyd olunub ki, hər bir müraciətin arxasında konkret insanın problemi və gözləntisi dayanır və bu səbəbdən müraciətlərə formal yanaşmaya yol verilməməlidir.
Tədbirdə həmçinin yerli icra hakimiyyəti orqanları, ərazi nümayəndəlikləri və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsi, vətəndaşların qarşılaşdıqları məsələlərin birgə və çevik şəkildə araşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda iştirakçıların təklifləri dinlənilib və dövlət qurumlarında vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi və etik davranış qaydalarına ciddi riayət olunması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi bildirilib.
Əlihüseyn Şükürov, Cənub Media