Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov sentyabrın 29-da rayonun Mahmudavar kəndində görülən yol-infrastruktur işləri ilə tanış olub.
Cənub Media xəbər verir ki, rayon rəhbəri başçının birinci müavini Tohid Hüseynov, başçının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Adəm Məhərrəmov, həmçinin ərazi nümayəndəliyinin və bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə kənddə asfalt örtüyü döşənmiş əsas yola baxış keçirib.
Baxış zamanı yolun hərəkət hissəsinin vəziyyəti, görülmüş işlərin keyfiyyəti və ərazidə aparılan abadlıq tədbirləri nəzərdən keçirilib.
Qeyd olunub ki, yolun asfaltlaşdırılması kənd sakinlərinin gediş-gəlişinin rahatlaşdırılmasına, nəqliyyatın daha təhlükəsiz hərəkətinin təmin edilməsinə və yol infrastrukturunun yaxşılaşdırılmasına imkan verəcək.
Rayon rəhbəri işlərin keyfiyyətinə diqqət yetirib və kənddə abadlıq və infrastruktur tədbirlərinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Əlihüseyn Şükürov, Cənub Media