27 Sentyabr – Anım Günü ilə əlaqədar Cəlilabad rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Cənub Media xəbər verir ki, sentyabrın 26-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Ürəyə köçən işıq” adlı tamaşa nümayiş etdirilib.
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində Anım Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vətən sevgisi, qəhrəmanlıq və şəhidlərin əziz xatirəsinin yaşadılması mövzusunda hazırlanan “Ürəyə köçən işıq” tamaşası qazi İsmayıl Hüseynovun həyat və mübarizə yoluna həsr olunub.
Səhnə əsərində Vətən uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirməsinə baxmayaraq bu gün də ölkəyə xidmət edən qazilərin keçdiyi şərəfli yol, göstərdikləri fədakarlıq və həyat nümunələri bədii şəkildə təqdim olunub.
Tamaşa iştirakçılar tərəfindən maraqla qarşılanıb və şəhidlərin xatirəsinə həsr olunan səhnələr tamaşaçılarda dərin təəssürat yaradıb.
Tədbirin əsas məqsədi Vətən müharibəsi qəhrəmanlarının keçdiyi şərəfli yolu gənc nəsilə çatdırmaq, şəhidlərin əziz xatirəsini yaşatmaq və Vətən sevgisi hisslərini daha da gücləndirmək olub.