27 Sentyabr – Anım Günü Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin ehtiramla yad edildiyi gündür.
Cənub Media xəbər verir ki, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm səhifələrindən birinə çevrildi. Müharibə 10 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanması ilə başa çatdı. Rəsmi məlumatlara əsasən, Vətən müharibəsində 2907 hərbi qulluqçu şəhid olub, 7 hərbi qulluqçu itkin düşüb.
Bu Zəfər yolunda Azərbaycanın cənub bölgəsindən də yüzlərlə igid Vətən uğrunda canından keçib. Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı və digər cənub rayonlarından olan şəhidlər 44 günlük müharibənin müxtəlif istiqamətlərində döyüşərək qəhrəmanlıq göstəriblər.
Bölgənin ayrı-ayrı rayonları üzrə 400-ə yaxın igid Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı.
27 sentyabrın Anım Günü kimi qeyd olunması Prezidentin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə müəyyən edilib. Hər il bu tarixdə Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi ölkə üzrə yad olunur.
Cənub bölgəsində də hər il Anım Günü ilə əlaqədar şəhidlərin məzarları və abidələri ziyarət olunur, ailələri ilə görüşlər keçirilir.
Bu gün cənub rayonlarında yüzlərlə ailə üçün yalnız təqvimdəki tarix deyil. Hər bir şəhid ailəsi üçün 27 Sentyabr övladın, qardaşın, həyat yoldaşının və atanın Vətən qarşısında göstərdiyi fədakarlığın xatırlandığı gündür.
Cənubun şəhid oğullarının adları bu torpağın yaddaşında yaşayır. Onların döyüş yolu, göstərdikləri qəhrəmanlıq və ailələrinin yaşatdığı xatirə gələcək nəsillərə ötürülür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.