Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Vətən müharibəsi şəhidi Əzizov Elvin Əfrail oğlunun ali məktəbə qəbul olunan qızları ilə görüşüb.
Cənub Media xəbər verir ki, görüşdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, şəhidin atası və qardaşı iştirak ediblər.
Görüş zamanı Araz Əhmədov şəhid övladlarını ali məktəbə qəbul olunmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.
Rayon rəhbəri qeyd edib ki, şəhid övladlarının yüksək nəticə göstərərək ali məktəbə qəbul olunması ailələri ilə yanaşı, onları tanıyan hər kəs üçün qürurverici hadisədir. Gənclərin təhsilə və elmə maraq göstərməsi şəhidlərin əziz xatirəsinə ehtiramın nümunəsi kimi qiymətləndirilib.
Görüşdə şəhid ailəsinin qayğıları və onları narahat edən məsələlər də müzakirə olunub. Bildirilib ki, şəhid ailələri, müharibə iştirakçıları və müharibə əlillərinin müraciətləri daim diqqətdə saxlanılır və onların problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqətin ailələr üçün mühüm mənəvi dayaq olduğunu bildiriblər.
Şəhidin atası Əfrail Əzizov da rayon rəhbərliyinin şəhid ailələrinə göstərdiyi diqqəti yüksək qiymətləndirib və övladlarının ali məktəbə qəbul olunmasının ailə üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş xoş arzularla başa çatıb.
Əlihüseyn Şükürov, Cənub Media
