Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər 1 nömrəli, 4 nömrəli və Bəydili kənd tam orta ümumtəhsil məktəblərində şagirdlərin maarifləndirilməsi məqsədilə görüşlər keçirilib.
Cənub Media xəbər verir ki, bu kimi maarifləndirici tədblərin məqsədi məktəbliləri yol hərəkətinin təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək qəza hadisələrinin qarşısını almaqdır. Yollarda quraşdırılan svetoforlar, yol nişanları barədə şagirdlərə məlumat verilib, onlara yolu keçərkən mütləq piyada keçidlərindən istifadə etmələrinin zəruriliyi izah edilib.
Yol polisi əməkdaşları həmçinin bu istiqamətdə sürücülərlə də maarifləndirmə işini davam etdirir, onlara təhsil müəssisələrinin qarşısında sürəti minimuma endirmək, piyadalara, xüsusilə uşaqlara yol vermək, manevr etmə zamanı diqqətli olmaq və hərəkətin təhlükəsizliyi ilə bağlı digər mühüm qaydalara əməl etmələri barədə xəbərdarlıqlar edirlər.
İlkin Adıyev, Cənub Media
