Masallıda Lokal Antiterror əməliyyatlarının ildönümü ilə bağlı şəhidlərin məzarları ziyarət olunub
Cənub Media xəbər verir ki, Masallıda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpası ilə nəticələnən Lokal Antiterror əməliyyatlarının ildönümü ilə əlaqədar şəhidlərin xatirəsi yad edilib.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun tapşırığı ilə rayon ərazisində əməliyyatlar zamanı şəhid olan hərbçilərin məzarları ziyarət olunub, onların ailələri ilə görüşlər keçirilib.
Tədbirlər çərçivəsində Masallı şəhərində şəhid Mirzəyev Sənan Vüqar oğlunun, Xırmandalı kəndində isə şəhid Yusifli Şəmistan Şükran oğlunun məzarları ziyarət edilib. Məzarların üzərinə gül dəstələri qoyulub, şəhidlərin ruhlarına dualar oxunub.
Ziyarətlərdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi nümayəndəlikləri və bələdiyyələrin nümayəndələri, şəhid ailələri, ziyalılar, din xadimləri, ağsaqqallar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşlər zamanı şəhidlərin döyüş yolu və Vətən uğrunda göstərdikləri fədakarlıqdan söz açılıb. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması uğrunda həyatını itirən şəhidlərin xatirəsi daim ehtiramla yad edilir.
Şəhid ailələri ilə söhbətlər zamanı onların müraciətləri də dinlənilib, ailələri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Lokal Antiterror əməliyyatları 2023-cü ilin sentyabrında keçirilib və nəticədə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin olunub.
Əlihüseyn Şükürov, Cənub Media