Masallı Rayon İcra Hakimiyyətinin rəhbərliyi Bakıda şəhid məzarlarını ziyarət edib.
Cənub Media xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Bakıda II Fəxri xiyabanda dəfn olunan şəhidlərin məzarlarını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda həyatını itirən şəhidlərin xatirəsi ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Daha sonra şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Görüşdə ailələrin müraciətləri dinlənilib, onları narahat edən məsələlər və sosial qayğıları ilə bağlı fikir mübadiləsi aparılıb.
Araz Əhmədov şəhid ailələrinin müraciətlərinin diqqətdə saxlanıldığını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib.
Görüşdə şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqətin davam etdirilməsi və müharibə iştirakçıları ilə qazilərin müraciətlərinə həssas yanaşılmasının vacibliyi vurğulanıb.
Qeyd edək ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlər keçirilir, onların müraciətləri dinlənilir və qarşıya çıxan məsələlərin həlli istiqamətində iş aparılır.
Şəhid ailələrinin nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Əlihüseyn Şükürov, Cənub Media