Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının XII konfransı keçirilib.
Cənub Media xəbər verir ki, tədbir iştirakçıları Lənkəran şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Tədbir şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Konfransda YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev hesabat məruzəsi ilə çıxış edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında YAP-ın yerli ictimai həyatda sosial institut kimi roluna toxunaraq rayon təşkilatının hesabat dövründəki fəaliyyətini yüksək qiymətləndirib.
İcra başçısı qarşıdakı dövr üçün prioritet məsələlər sırasında gənclərin idarəçilikdə praktiki imkanlarının genişləndirilməsini və qadınların ictimai-siyasi fəallığının artırılmasını xüsusi qeyd edib.
Taleh Qaraşov bildirib ki, konfrans həm görülən işlərin və keçilən yolun qiymətləndirilməsi, həm də gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu prosesdə hər bir partiya üzvünün üzərinə düşən məsuliyyət də xüsusi önəm daşıyır.
İcra başçısı çıxışında YAP-ın ölkənin aparıcı siyasi qüvvəsi olduğunu və Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi fəaliyyət göstərdiyini bildirib. O, partiyanın rəhbər tutduğu ideologiyanın cəmiyyətdə həmrəyliyin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.
Taleh Qaraşovun vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya inkişafının mühüm mərhələsini yaşayır.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İskəndərov, YAP Təftiş Komissiyasının üzvü, deputat Cavanşir Paşazadə, YAP Mərkəzi Aparatının əməkdaşı Əli Axundov və digər şəxslər çıxış ediblər.
Çıxışlarda YAP-ın fəaliyyəti, ölkənin ictimai-siyasi həyatındakı rolu və təşkilatın qarşısında duran məsələlər barədə fikirlər səsləndirilib.
Müzakirələrin sonunda YAP Lənkəran rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Həmçinin partiyanın növbəti VIII Qurultayına nümayəndələr seçilib.
Konfrans YAP-ın Himninin səsləndirilməsi ilə başa çatıb.
İlkin Adıyev, Cənub Media

