Hacıqabul şəhərində Fərhad Süleymanov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binası istifadəyə verilib.
Cənub Media xəbər verir ki, yeni tədris binasının açılışı “Bilik Günü” ilə bağlı keçirilən tədbirlə eyni vaxtda baş tutub.
Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir müavini Rəvan Baxışov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Elm və Təhsil Nazirliyinin Uşaq və Gənclərin İnkişaf Şöbəsinin müdiri Elnur Əliyev, müəllimlər, təhsil ictimaiyyətinin nümayəndələri və şagirdlər iştirak ediblər.
Çıxışlarda yeni məktəb binasının istifadəyə verilməsinin şəhərdə təhsil infrastrukturunun yenilənməsi baxımından əhəmiyyəti qeyd olunub. Bildirilib ki, müasir tədris mühiti şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına, müəllimlərin isə öz fəaliyyətlərini daha səmərəli qurmasına imkan verəcək.
Tədbir iştirakçıları daha sonra məktəbin yeni binası ilə tanış olublar. Təhsil müəssisəsində yaradılan şəraitə baxış keçirilib, şagirdlərə yeni tədris ilində uğurlar arzulanıb.
