Cəlilabad rayonunun Musalı və Kövüzbulaq kəndlərində yeni inşa olunan məktəb binaları şagirdlərin istifadəsinə verilib.
Cənub Media xəbər verir ki, Bilik Günü münasibətilə hər iki kənddə yeni tədris binalarının açılış mərasimi keçirilib. Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi, təhsil ictimaiyyətinin üzvləri, müəllimlər, valideynlər və kənd sakinləri iştirak ediblər.
Yeni tədris ilində istifadəyə verilən məktəblərin hər biri 180 şagird yerlik və iki mərtəbəlidir. Yeni binalar kənd məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha müasir təhsil mühitinin yaradılması məqsədilə bütün zəruri imkanlarla təchiz olunub.
Musalı kənd tam orta ümumtəhsil məktəbində ənənəvi sinif otaqları ilə yanaşı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter və STEAM otaqları fəaliyyət göstərəcək. Məktəbdə ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları da yaradılıb.
Məktəbin həyətində də şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün şərait nəzərə alınıb. Belə ki, müxtəlif yaş qrupları üçün oyun və idman meydançaları, eləcə də açıq futbol sahəsi salınıb.
Kövüzbulaq kənd tam orta ümumtəhsil məktəbinin yeni binasında da 180 şagirdin təhsil alması üçün imkan yaradılıb. Burada fizika, kimya və biologiya laboratoriyaları, kompüter və STEAM otaqları ilə yanaşı, ibtidai hərbi hazırlıq və əmək kabinetləri, kitabxana, yeməkxana, akt və idman zalları yerləşir.
Kövüzbulaq məktəbinin həyətyanı ərazisində qapalı idman zalı ilə yanaşı, müxtəlif oyun və idman meydançaları, həmçinin açıq futbol sahəsi də yaradılıb.
