Neftçalada şəhid Elton Həbibovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbinin yeni binası şagirdlərin istifadəsinə verilib.
Cənub Media xəbər verir ki, yeni tədris binasının açılışı ilə bağlı mərasimdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, məktəb kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Açılış mərasimində bildirilib ki, yeni məktəb binasının istifadəyə verilməsi təhsil infrastrukturunun yenilənməsi ilə yanaşı, Neftçalada müasir şəhər mühitinin formalaşdırılması baxımından da əhəmiyyətli layihələrdəndir.
Müasir memarlıq prinsipləri əsasında inşa olunan yeni təhsil müəssisəsi həm tədris, həm də şagirdlərin məktəbdənkənar fəaliyyətləri üçün geniş imkanlarla təmin edilib.
Məktəbdə 68 müəllimin çalışması və 751 şagirdin təhsil alması nəzərdə tutulub. Bundan əlavə, 44 uşağın məktəbəhazırlıq qruplarına, 12 uşağın isə icma əsaslı qruplara cəlb olunması planlaşdırılır.
Yeni məktəbdə fizika, kimya, biologiya, texnologiya və digər fənlər üzrə müasir kabinetlər yaradılıb. Təhsil müəssisəsində idman zalı, hərbi otaq və açıq idman meydançası da fəaliyyət göstərəcək.
Məktəbin diqqətçəkən məkanlarından biri 432 yerlik akt zalıdır. Eyni zamanda şagirdlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi məqsədilə 4 rəqəmsal bacarıqlar otağı yaradılıb. Bu otaqlar ümumilikdə 535 şagirdi əhatə edəcək.
Tədbirdə məktəbin yeni binasının şagird və müəllimlərin daha müasir və əlverişli şəraitdə təhsil və tədris fəaliyyəti aparmasına imkan verəcəyi vurğulanıb.
Sonda müəllim və valideynlər təhsil infrastrukturunun yenilənməsinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
